Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov: Heydər Əliyevin Azərbaycan neft sənayesinin modernləşməsində rolu…

Tarix:24-06-2021, 15:25 Baxış Sayı:463

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov: Heydər Əliyevin Azərbaycan neft sənayesinin modernləşməsində rolu…

 

Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir. Eramızdan min illər qabaq burada ibtidai üsullarla neft çıxarıldığı və karvan yolları ilə müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunur. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların generatoru olaraq tanınmış, misilsiz fədakarlıqlar göstərərək, ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab edilmişdir. Lakin, məlumdur ki, Sovet dövründə, xüsusilə İkinci Dünya müharibəsi ərəfəsində və ondan sonrakı illərdə Azərbaycanın neft sənayesi texniki və texnoloji inkişaf parametrləri üzrə birinciliyini əldən vermiş, get-gedə dünyanın neft hasil edən digər ölkələri ilə müqayisədə geriləmişdi. 1969-cu ildə birinci dəfə respublikamızın rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatları - elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd neft sənayesində elmtutumlu müasir sahələrin inkişafına təkan verməkdən, aktual və prioritet istiqamətləri müəyyənləşdirməkdən, keçmiş SSRİ-nin elmi-texniki fikrini bu istiqamətlərə yönəltməklə son nəticədə bütün mümkün vasitələr hesabına Azərbaycan neft təsərrüfatının modernizasiyasını həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi. Dünya neft sənayesinin gələcək inkişaf yolunun məhz dənizdə neftçıxarma ilə bağlı olacağını irəlicədən görən Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlanıldı. Məlum olduğu kimi, 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin cəmi 40 metrədək dərinliyində işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlar isə, demək olar ki, bütünlüklə kəşf olunmuşdu. Buna görə əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı. Görülən tədbirlər tezliklə “Bahar” və “Bulla-dəniz” yataqlarının açılması ilə nəticələndi. Xalqımızın Ümummilli lideri az sonra qarşıya dənizin 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoydu və böyük siyasi qətiyyət, iradə bahasına bu məqsədinə də nail oldu. 1970-1980-ci illərdə “Şelf” tipli o dövr üçün ən müasir yarımdalma üzən qazma qurğularının respublikaya gətirilməsi dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. 80-ci illərdə bu qurğuların sayı artıq 11-ə çatmışdı. “Şelf” tipli qurğular Azərbaycana uzun müddət xidmət etdi və müstəqillik dövründə “Dədə Qorqud”, “İstiqlal” kimi daha modern qurğuların yaranması üçün təməl rolunu oynadı.

Dənizin dərinsulu hissələrində mürəkkəb neft-qaz əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə görülən kompleks tədbirlər öz təyinatına görə unikal səciyyə daşıyan Xəzər Dəniz Neft Donanmasının da yeniləşməsinə şərait yaratdı. Donanmanın parkı üçün müasir tipli “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat gəmiləri və başqa texniki üzən vasitələr sifariş verildi və qısa müddətdə tikilib gətirilərək, fəaliyyətə başladı. 80-ci illərdə Donanmanın balansında 75 növdə ümumilikdə 400-dən çox gəmi var idi.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov: Heydər Əliyevin Azərbaycan neft sənayesinin modernləşməsində rolu…

Ulu öndər Heydər Əliyevin Azərbaycan neft sənayesinin müasirləşdirilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışarkən Dərin Dəniz Özülləri Zavodunun inşası xüsusi qeyd olunmalıdır. Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan və o dövrdə dünyada analoqu olmayan zavodun Bakıda yaradılmasına icazə alınması (əvvəlcə Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu), bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması, 1978-ci ildə əsası qoyulan sənaye nəhənginin 1984-cü ildə istismara verilməsi Heydər Əliyevin siyasi müdrikliyinin, onun təşəbbüskarlıq və prinsipiallığının nəticəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, Ulu öndərin adını ləyaqətlə daşıyan bu zavod indi də müstəqil dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda həyata keçirilən qlobal siqlətli enerji layihələrinin gerçəkləşməsində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rolu danılmazdır.

Dənizdə neftçıxarmanın davamlı artımına hesablanmış bütün bu infrastrukturun yaradılması və səmərəli istifadə olunması öz bəhrələrini çox tezliklə verməyə başladı. Xəzər dənizinin Azərbaycan sektorunda dənizin 80-350 metr dərinliklərində zəngin karbohidrogen ehtiyatlarına malik “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1987), “Kəpəz” (1989) yataqları kəşf olundu. Azərbaycanın neft ehtiyatları 2 dəfə, qaz ehtiyatları isə 3 dəfə artırıldı. Neft və qaz hasilatında dönüş yarandı, hasilatın azalma tempi 2 dəfəyə yaxın aşağı endirildi. Mədənlərin yarıdan çoxu avtomatlaşdırıldı. İnfrastruktur yeniləndi və kadr resursları baxımından milliləşdirildi. 70-ci illərdə layihə gücü ildə 15 mln. ton xam nefti qəbul etməyə və 5 mln. ton neft məhsulunu gəmilərə doldurmağa imkan verən Dübəndi dəniz terminalının tikintisi başa çatdırıldı. Respublikanın digər yerlərində də iri tutumlu neft terminalları tikilib istismara verildi. Həmin dövrdən Azərbaycan neftçiləri dənizin bütün sektorlarında axtarış-kəşfiyyat işləri aparmağa başladılar. Xəzər akvatoriyasında geofiziklərimiz tərəfindən 350-yə qədər perspektivli struktur aşkar edildi.

Neft emalı və neft kimyasının inkişafı da bu illərdə Heydər Əliyevin diqqət mərkəzində idi. Azərbaycan KP MK-nın oktyabr (1976-cı il) plenumundakı məruzəsində o, neftayırma zavodlarının yenidən qurulmasını “ən mühüm problem” adlandırmışdı. Ulu öndər bu məsələni keçmiş İttifaqın ən yüksək hakimiyyət instansiyalarında qaldırmış, emal zavodlarının köklü şəkildə yenidən qurulması üçün ali partiya qərarları əsasında böyük vəsait ayrılmasına nail olmuşdu. Bu gün müstəqil Azərbaycanın neft emalı və neft kimyası kompleksində aparıcı yer tutan bütün dominant qurğular məhz həmin dövrdə inşa edilmişdir. 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə yüksək oktanlı benzin istehsal edən “Katalitik Riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik krekinq” qurğuları tikilib istismara buraxıldı, 1981-ci ildə EP-300, 1982-ci ildə isə “Polimer-120” qurğusunun təməli qoyuldu. O da qeyd olunmalıdır ki, neft emalında nail olunan keyfiyyət dəyişiklikləri sənayenin və ictimai həyatın digər sahələrində də inkişafa güclü təkan verirdi. Neftayırma zavodlarının artan istehsal güclərindən səmərəli istifadə etmək məqsədi ilə Rusiya və Qazaxıstandan böyük miqdarda xam neft idxalına başlanılmış, yükdaşımaların həcmi artmışdı. 1983-cü ildə Ulu öndərin təşəbbüsü əsasında Sibir neftinin Bakı zavodlarına nəql edilməsi məqsədi ilə İttifaq əhəmiyyətli Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi respublika ərazisində ətraf mühitə, o cümlədən, Xəzər dənizinin ekologiyasına mənfi təsirlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu.

Beləliklə, ötən əsrin 70-80-ci illərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində atılan addımlar umumilikdə respublika iqtisadiyyatının güclənməsi üçün möhkəm zəmin yaratmışdı. O dövrdən keçən müddət ərzində ölkəmizdə cərəyan etmiş hadisələrin təhlili əsasında biz bu gün aydın dərk edə bilirik ki, Ulu öndərin Azərbaycanı keçmiş SSRİ-də neft sənayesi üzrə aparıcı respublikaya çevirmək istiqamətində apardığı gərgin və məqsədyönlü iş strateji əhəmiyyət daşıyırdı. O, çox gözəl bilirdi ki, neft sənayesinin texniki cəhətdən müasirləşməsi istiqamətində görülmüş tədbirlər gələcəkdə suveren Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Bu inamın reallığa söykəndiyini tarix də təsdiq etmişdir.

Azərbaycan Respublikasının ötən əsrin 90-cı illərindən başlayan müstəqillik yolu mürəkkəb siyasi dövrə təsadüf edirdi. Bir tərəfdən arası kəsilməyən xarici təzyiqlər, digər tərəfdən daxili siyasi xaos, özbaşınalıq, hakimiyyət çəkişmələri, işğalçı Ermənistanın ölkəmizə təcavüzü Azərbaycan iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Xalq təsərrüfatındakı ümumi durğunluq neft-qaz sənayesindən də yan keçməmişdi. Bütün yanacaq-enerji sektoru tənəzzülə uğramış, məhsuldarlıq son dərəcə aşağı düşmüşdü. Geoloji-geofiziki axtarışlar demək olar ki, aparılmır, avadanlıqlar dəyişilmir, yeni quyular qazılmırdı. Neft hasilatı 1987-ci ildəki 14 milyon 349 min ton səviyyəsindən 1994-cü ildə 9,6 milyon tona enmişdi.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi o ağır dövrdə Ümummilli lider Heydər Əliyevin xalqın istək və təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi girdabına düşməkdən, iqtisadiyyatı uçuruma yuvarlanmaqdan xilas etdi. Ulu öndər Heydər Əliyev ölkəni üzləşdiyi dərin böhrandan çıxarmaq məqsədilə həllivacib tədbirləri müəyyənləşdirərkən yenə də başlıca olaraq neft sənayesinə istinad etdi. Onun gərgin səyləri nəticəsində 1993-cü ildən başlayaraq Azərbaycanın neft sənayesində tənəzzülün qarşısının alınması üçün mühüm tədbirlər görüldü. Əlbəttə, zəngin təbii resurslar, 70-80-ci illərdə və daha əvvəllər yaradılmış texniki-iqtisadi və intellektual potensial bunun üçün əsas verirdi. Lakin qarşıda dayanan ümdə vəzifə sadəcə olaraq tənəzzülü dayandırmaqdan ibarət deyildi. Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, ölkədə uzunmüddətli iqtisadi-siyasi sabitlik yaratmaq üçün qarşıda sovet dövründə kəşf edilmiş neft-qaz yataqlarının mənimsənilməsi, hasil olunacaq məhsulun dünya bazarlarına çıxarılması kimi aktual məsələlər dururdu. Mövcud siyasi-iqtisadi durum, məhdud maliyyə imkanları isə bu cür kardinal dəyişikliklərin öhdəsindən gəlməyi mümkünsüz edirdi. Vəziyyəti düzgün və hərtərəfli qiymətləndirən Heydər Əliyev çıxış yolunu nüfuzlu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü. Bu, dövrün böhranlı sosial-iqtisadi şərtləri daxilində müstəsna siyasi cəsarət və ardıcıl gərgin əmək tələb edən, lakin ümummilli mənafelər baxımından ən uyğun konseptual yanaşma idi. Xalqımızın əbədi lideri dahiyanə yeni neft strategiyasını işləyib hazırladı və bütün çətinliklərə sinə gərərək, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bu qalibiyyətli strategiyanın icrasına start verildi. Strategiyanın mahiyyətini xarici sərmayələrin köməyi ilə neft-qaz sənayesini müasirləşdirmək, bu sektordan əldə ediləcək gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltmək və ümumi iqtisadi-siyasi dirçəlişə nail olmaq məqsədləri təşkil edirdi. Siyasi səciyyəsi etibarı ilə Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi qarantı olan yeni neft strategiyası - bütövlükdə ölkənin modernləşmə və davamlı inkişaf doktrinası idi.

Ulu öndər Heydər Əliyev strategiyanın əsas hədəflərini nəzərdə tutaraq demişdir: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur”.

Bu strategiyanın gerçəkləşməsi həqiqətən də Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan vermişdir. İlk növbədə qeyd olunmalıdır ki, ölkə üzrə neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmışdır. Geoloji və geofiziki tədqiqatlarda, qaz və neft yataqlarının ehtiyatlarının dəqiqləşdirilməsində yeni üsullar, mükəmməl maili qazmanın köməyi ilə lay boyu horizontal qazma metodu, neftvermə əmsalının artırılması kimi yeniliklərin tətbiqi nəticəsində Azərbaycanın neft ehtiyatları 2 milyard tona, qaz ehtiyatları isə 2,2 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 2010-cu ildə 51 milyon tona, qaz hasilatı isə 27 milyard kubmetrə çatmışdır. “Əsrin müqaviləsi”nin imzalandığı tarixdən 2010-cu ilədək Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 37 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən regionda və bütün dünyada mühüm qaz ixracatçısı kimi tanınan bir ölkəyə çevrilmişdir. Qısa müddət ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Səngəçalda inşa edilmiş terminal dünyanın bu qəbildən olan ən böyük müəssisələrindən biridir. Xəzər dənizinin dərin hissələrində yerləşən kəşfiyyat bloklarında qazma işlərini sürətləndirmək üçün tikilməsinə, yenidən qurulmasına və müasirləşdirilməsinə 700 milyon ABŞ dollarından artıq sərmayə qoyulmuş 4 nəhəng dəniz qazma qurğusunun- “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və “Lider”in (Xəzərdəki bu ən əzəmətli qurğu hazırda Ulu öndər Heydər Əliyevin adını daşıyır) əldə olunması da neft sənayemizin şəksiz uğurlarından hesab edilməlidir.

Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ölkə iqtisadiyyatının flaqmanı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inkişaf edərək böyüməsinə, genişlənməsinə, beynəlxalq standartlara uyğunlaşmaqla modern bir şirkətə çevrilməsinə zəmin yaratmışdır. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, BTC, Cənubi Qafqaz ixrac qaz kəməri kimi irimiqyaslı layihələrin həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərlə tərəfdaşlıqdan əldə etdiyi zəngin müasir təcrübə və yeni texnologiyalar şirkətin inkişafında keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin əsası olmuşdur. Müstəqillik dövründə ilk dəfə olaraq daxili qüvvələr hesabına Xəzər dənizindəki “Ümid” strukturunda aparılmış kəşfiyyat-qazma işlərinin uğurla nəticələnməsi, burada böyük ehtiyatlara malik yeni bir yatağın açılması deyilənlərin parlaq nümunəsidir. Şirkət karbohidrogenlərin axtarışı, hasilatı, nəqli, emalı, marketinqi, satışı, habelə neft-kimya məhsullarının istehsalı ilə məşğul olan çoxsahəli, inteqrasiya edilmiş struktura malikdir. ARDNŞ-nin aktivində terminallar, neft və qaz kəmərləri, hidrotexniki obyektlərin tikintisi və təmiri üzrə ixtisaslaşmış inşaat müəssisələri, elmi tədqiqat institutları və s. mövcuddur. Bu zəngin infrastrukturun müasirləşdirilməsi istiqamətində kompleks tədbirlər fasiləsiz olaraq davam etdirilir. 60 ildir Xəzər dənizi hövzəsində unikallığını qoruyub saxlayan Neft Donanmasının onlarla gəmisi, o cümlədən, 1200 ton yükgötürmə qabiliyyətinə malik nəhəng “Qurban Abbasov” kran-montaj gəmisi rekonstruksiya olunaraq istismara buraxılmışdır. Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının aktiv tutumu 3 milyard kubmetrə qədər genişləndirilmiş, habelə Hacıqabul, Siyəzən və Astara qaz-kompressor stansiyalarının gücü əhəmiyyətli dərəcədə artırılmışdır. Bu gün Şirkətin neft emalı kompleksində “Avro-2” standartlarına uyğun yanacaq məhsulları istehsal olunur, “Avro-3” standartlarına keçidlə bağlı zəruri tədbirlər görülür.

Hazırda respublikamızın neft sektorunda həyata keçirilən istisnasız olaraq bütün birgə layihələrdə Azərbaycan dövlətini layiqincə təmsil edən ARDNŞ həm də beynəlxalq arenada göstərdiyi inamlı fəaliyyəti ilə dərin etimad qazanmışdır. İndi ölkə daxilində Şirkətin təsisçiliyi ilə yaradılmış 13 Əməliyyat Şirkəti, 34 Birgə Müəssisə, 5 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla çalışır. Qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ötən il Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Bakıda ildə 25 min ton metal istehsal edə biləcək yeni gəmiqayırma zavodunun təməli qoyulmuşdur. Dövlətimizin başçısı bu münasibətlə demişdir: “Bundan sonra Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır”.

Müasir dövrdə fəaliyyət sferasının qloballaşması neft-qaz şirkətlərinin başlıca xüsusiyyətlərindən sayılır. Hazırda dünyanın neft-qaz bazarı o qədər qloballaşmışdır ki, bir ölkənin hüdudları çərçivəsində qapanıb qalmaqla bu bazarda müvəffəqiyyət qazanmaq mümkün deyildir. Ölkə Prezidentinin çevik, müasir və rəqabətə davamlı bir quruma çevrilmək tapşırığını əldə rəhbər tutan ARDNŞ xarici ölkələrdə investisiya proqramları həyata keçirir, cəlbedici layihələr icra edir, inamlı addımlar atır. Xaricdəki fəaliyyətinin səmərəli təşkili məqsədi ilə Şirkətin 10-dan artıq ölkədə nümayəndəlikləri təsis edilmişdir. Bu qurumlar beynəlxalq layihələrin hazırlanması və icra olunmasında ARDNŞ-ni təmsil edir. Qısa müddətdə ciddi nailiyyətlər qazanılmışdır. Şirkətin Gürcüstandakı aktivi olan Kulevi Qara Dəniz Terminalı ildə 10 milyon ton xam neftin, dizel yanacağının və mazutun qəbulu, saxlanılması və gəmilərə yüklənməsi imkanına malikdir. Ən müasir avadanlıqla təchiz olunmuş bu müəssisə haqlı olaraq qonşu ölkənin ən yaxşı infrastruktura malik neft terminalı sayılır. Ötən ilin mayından Qazaxıstanın “Tengiz” yatağında hasil olunan neftin də bir hissəsi dünya bazarlarına Kulevi terminalından nəql edilir. “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Gas” şirkətləri Gürcüstanda neft məhsulları və təbii qaz distribusiyası bazarının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu bazarda möhkəm qərarlaşmış ARDNŞ törəmə müəssisələri vasitəsilə Gürcüstan iqtisadiyyatının inkişafına dəyərli töhfələr verir, respublikanın qazlaşdırılması prosesində aparıcı rol oynayır. Hazırda qonşu ölkədə “SOCAR” brendi ilə 64 yanacaqdoldurma stansiyası işləyir, ölkənin onlarla qazpaylayıcı şəbəkəsi ARDNŞ tərəfindən idarə olunur.

Şirkətin Türkiyədəki layihələri də uğurla davam edir. “SOCAR-Turgas” Birgə Müəssisəsinin İzmirin Əliağa bölgəsində illik gücü 10 milyon ton olan Ege neft emalı zavodunun tikintisi üçün lisenziya alması xüsusi qeyd olunmalıdır. ARDNŞ-nin idarəçiliyində olan “Petkim Petrokimya Holdinq”inin nəzdində inşa olunacaq bu zavodun məhsulları əsasən, bu kompleksin xammal ehtiyaclarının ödənilməsinə sərf olunacaq, Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac ediləcəkdir. “Petkim” Türkiyənin ən iri neft-kimya şirkətidir və ARDNŞ tərəfindən idarə olunur. Şirkət əlavə sərmayə qoyuluşu hesabına tezliklə “Petkim”in Türkiyə neft-kimya məhsulları bazarında malik olduğu payın 40%-ə qaldırılmasını nəzərdə tutur. Kompleksdə modern tipli konteyner terminalı və elektrik stansiyasının inşası, nəticədə illik neft-kimya istehsalının 6 milyon tonadək yüksəldilməsi planlaşdırılır.

ARDNŞ-nin qlobal strateji inkişafına dəstək vermək məqsədi ilə 2008-ci ildə Cenevrədə təsis olunmuş “SOCAR-Trading S.A.” müəssisəsi qısa müddətdə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsi bazarlarında böyük etimad qazanmış, öz ətrafında 30-dan artıq sifarişçini birləşdirmişdir. İsveçrə, Sinqapur, BƏƏ və Vyetnamdakı ofisləri vasitəsilə neft və neft-məhsullarının alqı-satqısını həyata keçirən “SOCAR-Trading” Birləşmiş Ərəb Əmirliklərinin Fucayra limanında neft məhsulları terminalının inşası layihəsi çərçivəsində işə başlamışdır.

Müasirləşmə xəttini öz fəaliyyətinin əsas prioritetinə çevirmiş ARDNŞ biznes idarəçiliyinin yeni, dövrün tələblərinə uyğun konsepsiyasının həyata keçirilməsi sahəsində də zəruri tədbirlər hazırlayıb həyata keçirir. Ölkəmizdə birincilərdən olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid prosesini müvəffəqiyyətlə başa vuran Şirkətin 2008 və 2009-cu illər üzrə konsolidasiya edilmiş hesabatları dünyanın nüfuzlu audit qurumlarından olan “Ernst & Young” tərəfindən müsbət rəy almışdır. MHBS-na uyğun hazırlanmış hesabatların beynəlxalq auditdən keçməsi Şirkətin investisiya baxımından cəlbediciliyini artırır, xarici ölkələrdə sərmayə yatırmaq, iritutumlu qlobal layihələrdə iştirak etmək üçün xarici banklardan əlverişli şərtlərlə kredit əldə etmək işində böyük əhəmiyyət daşıyır.

Biznesin düzgün və əsaslandırılmış şəkildə idarə olunmasında mütərəqqi texnologiyaların, korporativ məlumat sistemlərinin və digər informativ vasitələrin tətbiqi ARDNŞ-də daim diqqət mərkəzindədir. Bu məqsədlə dünyada uçotun avtomatlaşdırılması üzrə lider şirkətlərdən olan SAP şirkətinin proqram təminatına üstünlük verilmişdir. SAP sisteminin bir sıra modullarından istifadə edilməsi nəticəsində Şirkətdə maliyyə əməliyyatlarının, insan resurslarının səmərəli idarə olunması, texnoloji proseslərin avtomatlaşdırılması, büdcələşdirmə, proqnozlaşdırma, mümkün risklərin aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması, sənəd dövriyyəsi, habelə planlaşdırma, tənzimləmə və nəzarət proseslərinin inteqrasiya və koordinasiya olunması kimi sahələrdə ciddi irəliləyişlər əldə edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan bütün idarə və müəssisələrdə lokal şəbəkələr və bunları tam olaraq əlaqələndirən korporativ şəbəkə yaradılmışdır. Hazırda Şirkət üzrə 120-dən artıq idarə və müəssisə fiberoptik kabel xətləri vasitəsilə ümumkorporativ şəbəkə sisteminə daxil edilmişdir. Şəbəkə “Azəriqaz” və “Azərkimya” İstehsalat Birliklərinin Bakı, Sumqayıt və respublikanın rayonlarında yerləşən qaz-istismar sahələrini və neft-kimya zavodlarını da əhatə edir. “Mərkəzləşdirilmiş məsafədən ölçmə-nəzarət sistemi”nin qurulması “Azneft” və “Azəriqaz” İB, Qaz İxracı İdarəsi, Qaz Emalı Zavodu, habelə “Azərenerji” ASC-də istismar olunan 600-ə yaxın ROC tipli elektron qaz sayğacına aid informasiya-hesablama əməliyyatlarını operativ surətdə həyata keçirməyə imkan vermişdir. Qazanılmış uğurlardan biri də Şirkətin vahid məlumatlar bankının - “Geoloji-mədən verilənləri” korporativ bazasının yaradılmasıdır.

Sevindirici haldır ki, müasirləşmə istiqamətində aparılan məqsədyönlü və davamlı tədbirlər öz müsbət nəticələrini çox gözlətmir. ARDNŞ artıq dünya miqyasında tanınmış “Fitch Ratings” və “Moody’s” kimi beynəlxalq reytinq şirkətləri tərəfindən reytinq dərəcələrinə layiq görülmüşdür. İlbəil bu dərəcələr daha da yüksəlir. Beynəlxalq reytinqlər ARDNŞ-nin modern şirkət olaraq nüfuzunun yüksək göstəricisi, xarici əməliyyatlar zamanı Şirkətin tərəfdaş kimi üstünlüklərinə mühüm təminatdır.

Müasirləşmə, xüsusilə də neft-qaz sənayesi kimi dinamik inkişafda olan bir sahənin müasirləşməsi daimi və fasiləsiz bir prosesdir. Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti daim vurğulayır: “Gələcəkdə iqtisadiyyatın, bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha da sürətlə getməlidir”. Bu baxımdan qarşıda bizi daha böyük işlər gözləyir. Yaxın illərdə ARDNŞ Bakı ətrafında müasir tələblərə uyğun nəhəng Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşasını planlaşdırır. Bu, hazırda fəaliyyət göstərən neft emalı zavodlarının şəhər hüdudlarından çıxarılmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına, istehsal olunan neft və kimya məhsullarının çeşid və keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır. Sumqayıtda neft-kimya kompleksində başlanılmış yenidənqurma işləri davam etdiriləcək, modern tipli kimya texnoparkı salınacaqdır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Baş direktoru Şahmar Hüseynov: Heydər Əliyevin Azərbaycan neft sənayesinin modernləşməsində rolu…

Ölkə ərazisinin 95 faiz qazlaşdırılması, xüsusilə Bakı şəhərinin qazpaylayıcı şəbəkəsinin köklü surətdə yenilənməsi qarşıda duran aktual məsələlərdəndir. Bütün bu layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş, istedadlı və bacarıqlı kadrlara ehtiyac böyükdür. ARDNŞ-nin kadr potensialının cavanlaşdırılması və müasir tələblərə uyğunlaşdırılması bir neçə ildir ki, həyata keçirilən kadr hazırlığı proqramlarının əsasını təşkil edir. İndiyədək Şirkətin Təqaüd Proqramının 119 qalibi dünyanın ən nüfuzlu universitetlərində neft ixtisasları üzrə təhsil almağa göndərilmişdir. Artıq 37 tələbə təhsilini uğurla başa vuraraq, Şirkətin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşdur. ARDNŞ eyni zamanda respublikamızın ali məktəblərində neft ixtisasları üzrə təhsil alan ən layiqli tələbələrə ayda 100 manat məbləğində təqaüd verir. Bu tələbələrə təhsildə və istehsalat təcrübələrində hər cür yardım göstərilir, təhsilini ARDNŞ-nin təqaüdçüsü kimi başa vuran məzunlar Şirkətdə ixtisaslarına uyğun işə götürülür, müxtəlif sosial güzəştlər əldə edirlər. Şirkətin kadr hazırlığı proqramının icrasında ödənişli yay təcrübəsi, yay məktəbi və s. kimi yeni forma və üsullar tətbiq olunur. Bütün bu tədbirlərin başlıca məzmunu neft sənayesinin inkişaf sürətinə, modernləşdirilməsinə uyğun müasir təfəkkür tərzinə malik, Vətəninə, xalqına bağlı istedadlı gənc kadrlar yetişdirməkdən ibarətdir.

Dövlətimizin müdrik rəhbəri İlham Əliyev cənabları Azərbaycan neft sənayesinin daha işıqlı gələcəyinə inamını vurğulayaraq demişdir: “Mən əminəm ki, bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir”.

Bu inam neftçilərimizi daha böyük qələbələrə ruhlandırır. Qədim tarixə, şərəfli ənənələrə malik neft sənayesi əməkçiləri bundan sonra da Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş davamlı müasirləşmə və yeniləşmə kursuna sədaqətlə daha böyük zirvələrə doğru inamla irəliləyəcəkdir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL