11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
“Elbrus Orucov mənə dedi ki, sizin komandir burdadır, Hərbi Şuranı tərk edin!”
Bu ərəfədə, təbii ki, Şuşadan danışmalıydıq. Ən azı qaytara bilmiriksə, heç olmasa yeni nəslin yaddaşını təzələmək, tarixi həqiqətləri bir daha xatırlamaq naminə. Düşündük ki, ən uğurlu müsahiblərdən biri ola bilər bir çoxlarımızın vəkil olaraq tanıdığımız, əslində isə Qarabağ müharibəsinin od-alovundan keçmiş Yavər Hüseyn.
Yavər bəy 1961-ci ildə Şuşada anadan olub, təhsilini də Şuşadakı 4 saylı orta məktəbdə alıb. Ovaxtkı Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix fakültəsini və Moskva Hüquq Akademiyasını bitirib. Qarabağ münaqişəsi başlayanda orta məktəbdə hərbi rəhbər işləyən, daha sonra hüquq müdafiə məsələləri üzrə şöbədə çalışan Yavər Hüseyn Şuşa özünümüdafiə ərazi taborunun (816 saylı) qərargah rəisi olub. Şuşa haqqında danışmağa haqqı olanlardan olsa da, söhbətimizin əvvəlində onu ağrıdan məqamları bölüşdü:
- Açığı, bu mövzuda danışmağı özümə ar bilirəm. İldönümü tədbirlərində Şəhidlər Xiyabanına da gedə bilmirəm. Amma adamın üzü də gəlmir getməyə. Sanki o məzarların qarşısında duranda şəhidlərimiz deyir: “nədir, niyə gəlmisən?”
- Yavər bəy, başa düşürəm ki, sizə danışmaq çox çətindir. Amma tarix naminə danışmaq da lazımdır. Vaxt var idi, deyilirdi ki, Şuşa işğal olunanda anadan olan uşaqlar artıq əsgərlik yaşındadır. İndi artıq o uşaqların özləri uşaq atasıdır. Yəqin siz də bunun fərqindəsiniz...
- Təbii ki, çox uzun bir vaxt keçdi. Ən çox da adamı narahat edən budur. Yəni bu qədər müddətin ötməsi və bu günə qədər heç bir dönüşün olmaması. Amma yenə də mən istərdim belə bir fikirdə qalım ki, ümidsizliyə qapılmaq olmaz. Bütün hallarda biz bu müharibənin fəsadlarını yaşayan adamların hamısında bu ümidi aşılamalı və deməliyik ki, ruhdan düşmək olmaz. Bu insanlar belə bir notda köklənməlidirlər ki, nə vaxtsa öz yer-yurdlarına qayıdacaqlar. Ya qismət, kimisi görə, kimisə görməyə, bu, öz yerində. Kimsə hesab etməsin ki, bizi bu kökə salanlarla barışdıracaqlar. Yox! Hansısa bir əlverişli şərait yetişəcək.
- Aprel döyüşləri, həmçinin Cocuq Mərcanlının bərpası prosesi göstərdi ki, hakimiyyət torpaqları azad etməyi heç də az istəmir. Bəlkə, burada Azərbaycanın faktiki olaraq təklənməsi çıxılmaz vəziyyət yaradıb, razılaşırsınızmı?
- Mən ümidsizliyə qapılmıram. Açığı, indiki iqtidar hakimiyyətə gələndə öz yaxınlarıma, dost-tanışlarıma demişəm ki, mənim qorxduğum ancaq bir şeydir: təslimçi sülh. Yəni torpaqları geri qaytara bilməsələr də, heç olmasa təslimçi sülhə imza atmasınlar. Şükürlər olsun ki, indiyə qədər o təslimçi sülhə imza atılmayıb. Ötən vaxt da ona işləyir ki, hansı tərəf zəiflik göstərəcəksə, o tərəf də məğlub olacaq. Tarixən belə olub. Bu müddətdə isə bizim insanlar hakimiyyətə də, beynəlxalq təşkilatlara da Qarabağla bağlı mövqeyini göstəməlidir. Onlar görməliydirlər ki, biz Qarabağsızlıqla barışmayacağıq, yerimizə-yurdumuza qayıtmamış sakit oturan deyilik və öz sözümüzü deyəcəyik. Belə olan təqdirdə onlar gec-tez bizimlə hesablaşmağa məcbur olacaqlar.
- Elə bu günlərdə xarici işlər nazirinin müavini Araz Əzimov bildirdi ki, rəsmi Bakı Dağlıq Qarabağda referendum keçirilməsi ilə heç vaxt razılaşmayacaq. Bu mövqe yəqin sizi də qane edir.
“Burada öz əcəlimizlə ölməkdənsə, başımızı Şuşanın qayalarına qoyub ölsək, bu, daha şərəfli ölüm olar” |
- Bəli. Bir neçə il əvvəl də referendum məsələsi qalxanda elə “Yeni Müsavat”da münasibət bildirmişdim. Əvvəla, Azərbaycanın hansısa bir bölgəsində referendumun keçirilməsi bizim konstitusiyamıza ziddir. Başqa tərəfdən də aşkar məlumdur ki, orada azərbaycanlı qalmayıb, o torpaqlar işğal altındadır. Orada referendum keçirilsə, nəticələri bəribaşdan söyləmək mümkündür.
- Yavər bəy, bir çoxları indi də deyir ki, Şuşanın işğal oluna biləcəyi inandırıcı deyildi. Siz o hadisələrin mərkəzində olmusunuz. Bir daha xatırlayaq, 25 ilin bu günləri Şuşada nələr baş verirdi?
- O fikirlə razılaşmıram ki, Şuşanın işğalı inandırıcı deyildi. Açığı, son günlərə qədər yenə də ümidliydik ki, dövlətimiz torpaqların müdafiəsi üçün ciddi bir tədbir görəcək. Təəssüflər olsun ki, sona qədər tədbir görülmədi. Son günlər aşkar şəkildə hiss olunurdu ki, Şuşa işğal olunacaq və biz şəhəri qoruyub-saxlaya bilməyəcəyik. 1992-ci ilin aprel ayının sonlarında Hərbi Şuranın iclası oldu. Elbrus Orucov briqada komandiri vəzifəsinə təyin olunmuşdu. Mən də qərargah rəisi olaraq orada iştirak etdim. Orda deyilən fikirlərdən sonra mənim özümdə də belə bir qənaət yarandı ki, biz Şuşanı qoruya bilməyəcəyik. Artıq bizə məlum idi ki, düşmən hücuma hazırlaşır. Bundan əvvəl Xocalı işğal olunmuşdu, növbə Şuşaya gəlib çatmışdı. Düşmən hərbi qüvvələri Şuşa ətrafına cəmləyir, hücuma hazırlaşırdı. Mən orda çıxış edib təklif verdim ki, qabaqlayıcı addımlar atmalıyıq, bütün qüvvələrimizi səfərbər etməliyik. Həmçinin bizim səlahiyyətli dövlət orqanlarına müraciət etməliyik ki, yaxın rayonlardan döyüşən əlavə qüvvələr yeridilsin, çünki əsas məsələ Şuşanın müdafiəsidir. Dedim ki, Şuşada olan qüvvə ilə düşmənin hücumunun qarşısını ala bilməyəcəyik. Artıq düşmənin hərbi texnika və döyüşən canlı qüvvəsi barədə məlumatlar gəlirdi. Bizdə olan azlıq təşkil edirdi.
Düzünü deyim ki, mən bu fikirləri səsləndirəndə balaca mübahisə də düşdü. Elbrus Orucov mənə dedi ki, sizin komandir buradadır, Hərbi Şuranı tərk edin! Dedim tərk edirəm, əmrə tabeyəm. Amma bu gedişlə mən yaxşı heç nə gözləmirəm. Oradan çıxandan sonra komandirimizlə də söhbət etdim, dedim deyəsən, biz Şuşanı qoruya bilməyəcəyik. Bunları Cəbhənin Şuşa şöbəsinin sədri rəhmətlik Ramiz Qəmbərov da görürdü. Bu mövzuda onunla söhbətimiz oldu. O da Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri ilə söhbət etmişdi, orda da mübahisələr olmuşdu. Amma bundan sonra, aprelin sonlarında təəssüf ki, o da düşmən gülləsinə tuş gəldi.
- Düşmən gülləsinə tuş gəldi, yoxsa xəyanətin qurbanı oldu?
- Bunu konkret demək çətindir. Amma hər halda elə yerdəydi ki, ona düşmən gülləsi dəyə bilərdi. Mən rəhmətliyin yanında olmamışam, Ramiz vurulandan sonra eşidib köməyə getmişəm. Orada mən də döyüşdə iştirak etdim. Əsas bizim ərazi özünümüdafiə batalyonunun mövqeyi - Hacıtalası deyilən yer alınmışdı. Ramizin komandiri olduğu silahlı dəstə də bizə köməyə gəlmişdi. Mən eşidəndə ki, Ramiz gəlib, getdim, amma sonra eşitdim ki, düşmən içərisinə gedib düşüb, orda onu vurublar. Ona konkret kimin gülləsi dəyib, demək çətindir.
- Keçmiş müdafiə naziri Rəhim Qazıyevin bu işğala görə məsuliyyəti nə qədərdir?
- Mən açığını deyim ki, Rəhim Qazıyevə qarşı olan münasibət siyasi mahiyyət daşıyır. Elə hesab etmirəm ki, Şuşanın işğalı Rəhim Qazıyevlə bağlıdır. Səhvsiz insan yoxdur. O cümlədən Rəhim Qazıyevin də səhvləri olmamış deyil. Amma Şuşanın işğalını Rəhim Qazıyevin ayağına yazmaq, bu, ədalətsizlik olardı. Hətta onun silsilə yazıları oldu, mən onları oxudum. Rəhim bəy o yazqıqlarının çoxunda haqlıdır.
- Uzun müddət danışılıb ki, Şuşanın düşmənə verilməsi Ayaz Mütəllibovun hakimiyyətə gətirilməsi üçün Moskvada düşünülüb, ssenariləşdirilib və sonradan geri qaytarılacaqmış.
- Mən bir qədər fərqli düşünürəm. Qarabağ müharibəsində Rusiya açıq-aşkar erməni tərəfində dayanmışdı, indi də o mövqedədir. Hesab etmirəm ki, Şuşanın işğalından sonra Ayaz Mütəllibov hakimiyyətdə qala bilsəydi, Şuşa qaytarılacaqdı, mən buna inanmıram. Ayaz Mütəllibovun hakimiyyətə qaytarılması Rusiyanın planında ola bilərdi, amma düşünmürəm ki, onun hakimiyyətə gəlməsindən sonra torpaqların geri qaytarılması Rusiyanın planına daxil olub. Ayaz Mütəllibovu hakimiyyətə qaytarmışdılar da. Rusiya istəsə, onu hakimiyyətdə saxlaya bilərdi.
- Özü də Şuşa işğal onunanda Tehranda tərəflər sülh danışıqları aparırdılar. İşğal tarixi təsadüfən seçilməmişdi, çox güman ki. Razılaşırsınızmı?
- Təbii. O da bir aldadıcı variant idi. Azərbaycan hakimiyyətini aldatmaq istəyirdilər ki, sülh imzalamağa hazırdırlar. Bununla bizdə bir arxayınçılıq yaratmaq və işğalı həyata keçirmək istəyirdilər.
- Düşmənin Şuşaya 16 minlik böyük bir qüvvə ilə hücuma keçdiyi deyilir. Bəs, bizim qüvvələrimiz barədə nə demək olar?
- Bəli, belə bir məlumatı biz də almışdıq. O vaxt üçün 16 minlik canlı qüvvə kifayət qədər böyük rəqəm idi. Üstəlik, kifayət qədər də hərbi texnikaları var idi. Amma, Şuşanın özündə... Bizim ərazi müdafiə taborunun vur-tut 83 avtomat silahı var idi. Özü də bu 83 avtomat Şuşaya hücum olanda bizim özümüzdə deyildi. Şuşanın kəndlərində özünümüdafiə dəstələri var idi ki, həmin silahların yarısını onlara vermişdik. Bizim də ərazimüdafiə taborumuzun dislokasiya yeri Şuşadan kənardaydı, Qayıbalı kəndində. Şuşaya hücum olanda da Şuşanın özündə kazarmada olan, istirahət edən əsgərlərimiz ki, var idi, onları səfərbər elədik. Düzdür, canlı qüvvə var idi, amma silahımız az idi. Onda mən silah bazasına qaçdım. Silah istədim, amma ordan vur-tut 3 avtomat silah götürə bildim. Əslində silah yetərli qədər idi, amma cəmi 3 maqazin tapdım.
Ramiz Qəmbərovun komandiri olduğu taborda da təxminən 60-70 avtomat var idi. Şuşaya gələn Müdafiə Nazirliyinin döyüşən qüvvələri, 2-ci tabor ki, var idi, açığını deyim, hücum olana qədər şəxsi heyətin çoxu Şuşanı tərk eləmişdi. Onlar Şuşaya hücum ərəfəsində kütləvi şəkildə evə buraxılmışdılar. Mayın 7-dən 8-dən keçən gecə onların böyük bir hissəsi artıq Şuşada yox idi. Hərbi texnikanın da bir neçəsi Şuşadan çıxarılmışdı. Şuşanın müdafiəsində bir tank qalmışdı- rəhmətlik Albert Aqarunovun döyüşdühyü tank - iki dənə də BTR var idi, ancaq o BTR-lərin də mühərriki yaxşı işləmirdi, döyüş qabiliyyəti çox aşağı səviyyədə idi.
“Məndə də məlumat var idi ki, Şuşaya Xankəndi tərəfdən daxil olan yollar minalanıb; deməli, ya mina olmayıb, ya da olubsa, işləməyib” |
- Şəxsi heyətin ezamiyyətə buraxılması Şuşanın təhvilinə hazırlıq idi, yoxsa vəziyyət doğru-düzgün təhlil edilməmişdi?
- Ola bilər ki, digərləri bu məsələyə fərdi yanaşsın. Amma hər halda bu fakt onu deməyə əsas verir ki, bir halda ki, Şuşaya hücum ərəfəsində bu qədər texnika, döyüşən canlı qüvvə Şuşanı tərk etmişdisə, demək bu, məqsədyönlü şəkildə atılan addım olub.
- Bir çoxları deyir ki, Qacarın fəth edə bilmədiyi Şuşa Ermənistan ordusunun əlinə keçdi. Silah-sursatdan danışdınız, demək bu vəziyyətdə Şuşanı xilas etmək mümkünsüz imiş...
- Mən öz silahlarımızı dedim. 70-80 avtomat silah da Ramiz Qəmbərovun komandir olduğu batalyonda idi, onların da dislokasiya yeri şəhərdən kənarda, Xəlfəli kəndi isiqamətdəki benzindoldurma məntəqəsindəydi, Xankəndi tərəfdə. İkinci tabordakı silahların sayını deyə bilmərəm. Amma ümumilikdə silahımız kifayət qədər az idi. Coğrafi mövqeyinə görə Şuşa çox əlverişli yerdədir, burası düzdür. Amma bunu da deyim ki, qılınc davası deyildi. Müasir hərb sənəti olan yerdə alınmaz qala yoxdur. Hər tərəf qala deyildi ki. Şuşaya Laçın, Xankəndi tərəfdən giriş yolları var idi. Piyada yolları kifayət qədər idi. Texnikanın, canlı qüvvənin daxil olması üçün Şuşanın coğrafi mövqeyi heç bir əngəl törədə bilməzdi.
- Bəs, giriş-çıxış yolları minalandığı halda necə oldu ki, düşmən şəhərə itkilərsiz daxil oldu?
- Məndə də məlumat var idi ki, Şuşaya Xankəndi tərəfdən daxil olan yollar minalanıb. Amma bu da faktdır ki, Şuşaya o tərəfdən daxil olan qüvvələr üçün heç bir problem olmayıb. Mina ya olmayıb, olubsa da, işləməyib. Belə məlumat da almışdım ki, onlar mina deyil, sadəcə trotil olub, onları da partlada bilməyiblər. O minaları kim basdırıb, kim çıxarıb, yaxud mina olub, olmayıb, bu günə qədər müəmmalıdır.
- Yəqin ki, zaman-zaman bu müəmmaların üzə çıxarılması istiqamətində müzakirələr olacaq. Amma qarşımızdakı ən mühüm məsələ Şuşa başda olmaqla ərazilərimizin qaytarılmasıdır. Çıxış yolunu nədə görürsünüz?
- Biz bu gün ilk növbədə özümüzə güvənməliyik. Rəhmətlik Dudayevin çox xoşagələn sözü var idi ki, “ən güclü silah əlahəzrət xalqdır”. Bu gün xalq Qarabağın, Şuşanın işğalı ilə barışmayacaqsa, dirəniş göstərəcəksə, onun qabağında nəinki erməni, onun havadarları, beynəlxalq qurumlar da zəifdir. Mən əminəm ki, gec-tez bu xalq öz istəyinə nail olacaq. Bizim qarşımızı kəsən müəyyən səbəblər var, bunlar da əbədi deyil, aradan qalxacaq. Sizə bir şeyi də deyim: mən çox istərdim ki, danışmaqdan çox, döyüşək torpağımızı azad edək. Gec-tez bu döyüş olmalıdır, başqa yol yoxdur. Mənim gənc əsgərlərə heyfim gəlir. Çox istərdim ki, bizim yaşda adamlar gedib torpaqları azad etsin və burada öz əcəlimizlə ölməkdənsə, başımızı Şuşanın qayalarına qoyub ölsək, bu, daha şərəfli ölüm olar...