29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Azadlıq haqqımı mənimsədilər və mənə qarşı ədalətlə davranmadılar. Haqq-ədalət nağıl oldu, böhtan gücü güclü çıxdı”
2023-cü ilin noyabrında müstəqil mediaya qarşı başladılan repressiya dalğası çərçivəsində həbs edilən informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyevin saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi bildirilir.
Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub.
Lakin “Abzas Media”nın əldə etdiyi məlumata görə, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
İlqar Əliyevin ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, o, həbsini “Abzas Media” və “Meclis.info” kimi media qurumlarına kibertəhlükəsizliklə bağlı verdiyi təlimlərlə əlaqələndirirdi.
İlqar Əliyevin “LinkedIn” hesabında onun adından edilən paylaşımda yazılıb:
“Öz sahəm üzrə dünyanın ən samballı və mötəbər beynəlxalq sertifikatlarına sahib idim. İKT standartları və kibertəhlükəsizlik sahələri üzrə beynəlxalq təlimçi statusunu daşıyırdım və bu, dünyanın istənilən ölkəsində sahəvi təlimlər keçməyimə imkan verirdi. İKT sahəsi üzrə ölkəmdə və xaricdə işləyən yüzlərlə tələbə yetişdirmişdim. Avropa və Asiyadan çoxsaylı iş təkliflərini qəbul etmədim, düşündüm ki, ölkəmdə qalım, bilik və təcrübələrimi bölüşüm”.
İlqar Əliyev 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Məhkəmə sonradan belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq məqsədilə əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə — satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma maddəsinə tövsif edilib.
İKT eksperti məhkəmədə özünü təqsirli bilməyib.
Bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.
Əldə edilən məlumata görə, İlqar Əliyevin həbsi zamanı onun müdafiə hüququ pozulub, ondan zorla video çəkilərək narkotik istifadə etdiyini etiraf etməsi tələb olunub.
Məlumata görə, İlqar Əliyev sonradan çayına narkotik maddə qatılaraq içizdirildiyini və bundan sonra ondan analiz götürüldüyünü deyib. Onunla bağlı heç bir əməliyyat-axtarış tədbirinin keçirilmədiyi də vurğulanır.
“2023-cü ildə məni şərlədilər və zəhərlədilər. Hörümçək toru kimi saxta ittiham aktı və protokolları ətrafımda hördülər. Qanunsuz həbsimi bir-birinin üzərinə atdılar, məsuliyyəti heç kim üzərinə götürüb əsl səbəbləri açıqlamadı. Ali Məhkəmə qondarma cinayət işinə xitam vermədi. Dostlarım, həmkarlarım, dərin və strateji düşünün. İndi mən nə etməliyəm, daha sonra ölkəmin texnoloji inkişafı üçün nə etməliyəm?” – İlqar Əliyevin “LinkedIn” hesabında yazılıb.
Məlumata görə, aprelin 27-də Qaradağ Rayon Məhkəməsində İlqar Əliyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətə baxılıb. Növbəti proses mayın 4-nə təyin edilib.
İlqar Əliyevin həbs müddəti bu ilin dekabrında başa çatmalı idi.
“Doğma ölkəmdə şərləndim, çox çalışdım, bütün mümkün sivil vasitələrdən istifadə etdim, amma ədalət qələbə çalmadı, məğlub oldu, onu qəsb etdilər”, - deyə İlqar Əliyevin “LinkedIn” hesabında qeyd olunub.
2023-cü ilin noyabrından Azərbaycanda müstəqil media, vətəndaş cəmiyyəti fəalları və araşdırmaçı jurnalistlərə qarşı yeni və genişmiqyaslı repressiya dalğası başlayıb. Beynəlxalq hüquq müdafiə təşkilatları və yerli fəallar bunu son illərin ən ağır təzyiq kampaniyası kimi qiymətləndiriblər.
Bu çərçivədə “Abzas Media”, “Toplum TV”, “Meclis.info” və “Meydan TV” kimi media qurumlarının əməkdaşları qaçaqmalçılıq və digər ağır maliyyə ittihamları ilə həbs ediliblər.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, layihə koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyib və əvvəlki qərarı dəyişmədən saxlayıb.
Həbs edilən digər jurnalistlərin məhkəmələri hazırda davam edir.
Onlar ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər. Hökumət isə bir qayda olaraq ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib və təzyiqə məruz qalmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə həbs edildiyini iddia edir.
Yerli insan hüquqları təşkilatlarının hesabatlarına görə, ölkədə hazırda 340 siyasi məhbus var.