Dünən, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
Dünən, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
Araşdırmamızın ilk hissəsində Hesablama Palatasının auditlərində ciddi nöqsanlar aşkarlanan Qəbələ və Şuşa Rayon Mərkəzi Xəstəxanalarının tikintisini həyata keçirən şirkətin sonradan da milyonlarla manatlıq yeni dövlət sifarişləri almağa davam etdiyini göstərmişdik. İkinci hissədə isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti layihələrində oxşar faktları müəyyən etdik.
Amma bu mənzərə təkcə tikinti layihələri ilə məhdudlaşmır. Hesablama Palatasının audit hesabatları göstərir ki, dövlət vəsaiti hesabına həyata keçirilən bəzi rəqəmsallaşdırma və informasiya sistemləri layihələrində də ciddi çatışmazlıqlar mövcuddur. Araşdırmamızın bu hissəsində auditorların nöqsanlar aşkarladığı daha bir layihəni icra edən şirkətin sonradan yenə eyni qurumun tenderinin qalibinə çevrildiyini görürük.
Xəritədə var, reallıqda yoxdur
Hesablama Palatası 2025-ci ilin aprelində “Kür-Araz ovalığında kollektor-drenaj sistemlәri vә suvarılan torpaqların deqradasiyasına qarşı mübarizә üzrә fәaliyyәt auditinin nәticәlәrinә dair hesabat dərc edib. Aparılmış audit göstərir ki, torpaqların şorlaşmasının qarşısının alınması, dren-kollektor şəbəkələrinin bərpası və su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində görülən işlər gözlənilən effekti verməyib. Nəticədə son illərdə şorlaşmış torpaq sahələrinin payı artıb, bir sıra ərazilərdə torpaqlar əkin dövriyyəsinə qaytarılmayıb, suvarma sistemlərinin idarə edilməsindəki problemlər isə vəziyyəti daha da ağırlaşdırıb.
Regional Su Meliorasiya Xidmәti vә onun müvafiq tabeli qurumlarının fәaliyyәtlәri üzrә aparılan audit 2022-ci ildən 2024-cü ilin yanvar ayına qədərki dövrü əhatə edir.
Auditdə diqqət çəkən məqamlardan biri elektron məlumat bazasındakı çatışmazlıqlarla bağlıdır. Qeyd edilir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də meliorasiya və su təsərrüfatı obyektlərinin mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması üçün 2,1 milyon manat vəsait ayrılıb. Layihə çərçivəsində suvarma və dren-kollektor şəbəkələri üzrə rəqəmsal xəritələr hazırlanıb. Lakin auditlə həmin xəritələrdə bir sıra ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, bəzi obyektlərin Google Maps platformasına inteqrasiyası təmin edilməyib, dren-kollektorların bir hissəsi xəritələrdə əks olunmayıb. Audit nəticəsində müəyyən edilib ki, elektron xəritələrdə bəzi obyektlər ümumiyyətlə reallıqda mövcud olmayıb. Bundan başqa, kollektorların adlarının düzgün göstərilməməsi və digər məlumat səhvləri xəritələrin etibarlılığını azaldıb.
Audit həmçinin müəyyən edib ki, yaradılmış elektron məlumat bazasına ASC-nin yerli tabeli qurumlarının çıxışı da tam təmin olunmayıb. Nəticədə sistemdən yerlərdə istifadə məhdud qalıb və milyonlarla manat vəsait hesabına yaradılmış elektron uçot sisteminin gözlənilən faydası əldə edilməyib.
Qeyd edilən dövr üzrə satınalma məlumatlarının araşdırılması zamanı Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi “Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması) işinə dair tenderə rast gəlinir. 2021-ci ilin sonunda keçirilmiş 2 milyon 100 min manatlıq açıq tenderin qalibi 2001215881 VÖEN kodlu “DATUM” MMC olub. Müqavilənin icrası 2022-ci ilin sentyabrında başa çatıb.
Auditdə xəritələrin etibarsızlığı qeyd olunmasına baxmayaraq, həmin işləri görmüş şirkət qısa müddət sonra eyni istiqamətdə yeni sifariş alıb. 2024-cü ildə qurum digər xəritələrin hazırlanması ilə bağlı növbəti satınalmanın qalibi kimi yenidən “DATUM” MMC-ni seçib. Meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinin qiymətləndirilərək elektron kadastr məlumatlarının və xəritəsinin hazırlanması" xidməti üzrə bir mənbə yolu ilə bağlanılan yeni müqavilənin dəyəri 256 min manat təşkil edib.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə göndərdiyimiz sorğuya da cavab verilməyib.
Audit dərc olunduqdan və nöqsanlar elan edildikdən sonra belə, bu hal “DATUM” MMC-nin dövlət qurumları ilə yeni və iri həcmli müqavilələr bağlamasına kölgə sala bilməyib.
Həmin tarixdən sonra şirkət Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və s. dövlət və tabeli qurumları ilə ümumilkdə bir milyon yarımdan çox məbləğdə satınalma müqavilələrinə imza atıb. Auditdə bir mənbə yolu ilə bağlanılan müqavilənin rəqabət mühitini pozduğu ilə bağlı iradlar qeyd edilsə də, sonradan şirkətlə bağlanan müqavilələrin bir çoxu elə məhz bu satınalma metodunun tətbiqi ilə həyata keçirilib.
2008-ci ildə qeydiyyatdan keçən və hüquqi ünvanı Bakı Şəhəri Nizami Rayonu, İsmayıl Məmmədov, ev.6, m.4 olan şirkətin qanuni təmsilçisi Anar İsmayılov Camal oğludur. Şirkət “AZƏRGOLD” QSC-nin ard-arda keçirdiyi tenderlərin, eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzi və s. satınalmaların qalibi olub.
“Şirkətlərin bir çoxunun arxasında məmurlar dayanır”
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda dövlət satınalmaları və tenderlərlə bağlı məsələlər ən qeyri-şəffaf sahələrdən biridir və şəffaflığın artırılması ilə bağlı işlək mexanizm yoxdur. Onun sözlərinə görə, tenderlər keçirilərkən şəxsi münasibətlər çox zaman önə çıxır və cəzasızlıq mühiti yarananda aşkarlanan problemlər gələcəkdə təkrarlanır:
Ola bilər ki, qanunda onların iştirakını məhdudlaşdıran konkret maddə yoxdur. Bu, qanun boşluqlarından doğan məsələdir. Amma şirkət ərizə ilə müraciət edəndə satınalma və ya tender keçirən komissiya, dövlət və hökumət qurumu onların “sicilini”, yəni keçmiş fəaliyyətini araşdırandan sonra həmin ərizəni məntiqlə geri qaytarmalıdır.
Təəssüf ki, Azərbaycanda tenderlərdə və dövlət satınalmalarında iştirak edən şirkətlərin bir çoxunun arxasında məmurlar dayanır. Ona görə də qanunda nəzərdə tutulan və ya məntiqlə tətbiq olunmalı olan məhdudiyyətlər bir çox hallarda nəzərə alınmır”.
Natiq Cəfərli yeni yaradılan şirkətlərin tezliklə müsabiqə qalibinə çevrilməsi hallarının çox zaman təkrarlandığını və onların təcrübəsizliyinin nəzərə alınmadığını deyir. Onun sözlərinə görə, bu, satınalmalarla bağlı qanunun ruhuna ziddir. Çünki qanunda onların təcrübəsi ilə bağlı məlumatların iştirak ərizəsində qeyd edilməsi açıq şəkildə təsbitini tapır:
“Qadağanedici qərarlar olmalıdır. Bir çox ölkələrin təcrübəsində də bu var. Əgər bir şirkət bir dəfə və ya bir neçə dəfə qaydaları pozursa, kənarlaşdırılırsa və yaxud dövlət satınalmaları və tenderlərlə bağlı qaydalara əməl etmirsə, onlara müəyyən müddətə - məsələn, üç və ya beş il - tenderlərdə iştirak qadağası qoyula bilər”.
İqtisadçı probleminin həllini Hesablama Palatasının səlahiyyətlərinin artırılmasında və qadağanedici qərarların tətbiqində görür. Onun fikrincə, Palatanın təsbit etdiyi qanun pozuntuları dolayı yox, birbaşa cinayət işinin açılması üçün əsas olmalıdır.
Bu mənzərənin fonunda diqqət çəkən məqamlardan biri də Hesablama Palatası ilə Baş Prokurorluq arasında 2024-cü ildə imzalanmış əməkdaşlıq memorandumudur. Tərəflər bu memorondumun korrupsiyaya, dövlət maliyyə sahəsindəki hüquqpozmalara, iqtisadi xarakterli cinayətlərə qarşı mübarizəyə töhfə verəcəyini bildiriblər. Baş Prokurorluqla Palata arasında korrupsiyaya qarşı mübarizə səylərini birləşdirmək, bu sahədə sistemli, kompleks və innovativ xarakterli tədbirlərin icrasının davam etdirilməsi barədə razılıq əldə olunub.
Amma silsilə formasında dərc etdiyimiz araşdırmalarımız bu sahədə fərqli mənzərələr ortaya qoyur. Aydın olur ki, layihələr fərqli sahələri əhatə etsə də, nəticə eyni qalıb. Auditorlar nöqsanları üzə çıxarır, medialar bunun əsasında xəbərlər dərc edir, amma bütün bunlar tərəflər arasındakı əməkdaşlığa kölgə salmağa və onları sorğulamağa kifayət etmir. Hətta sonrakı satınalma müqavilələri yenə eyni şirkətlərlə bağlanılır, əməkdaşlıq daha da genişləndirilir, müqavilələrin məbləğləri daha da artır. Yeni müqavilələr üzrə isə növbəti dəfə oxşar nöqsanlar üzə çıxır. Qeyd edilən pozuntularla bağlı hər hansı hüquqi və ya inzibati məsuliyyət tədbirlərinin tətbiq olunub-olunmadığı isə aydın deyil.
Bu faktlar Hesablama Palatasının auditlərinin dövlət satınalmalarına və korrupsiya risklərinin qarşısının alınmasına real təsirinin nə dərəcədə effektiv olması, eləcə də audit nəticələrinin dövlət qurumlarının sonrakı qərarlarında necə nəzərə alınması ilə bağlı sualları ortaya çıxarır.