29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Hüquq müdafiəçisi Anar Məmmədli
Ermənistan-Azərbaycan münaqişəsində hər iki tərəfin bir oxşar mərəzi var – tarixə irredentist (keçmişdəki və ya qonşu ölkədəki ərazilərə nəzarət və ya ələ keçirmə istəyi) baxış. İki xalqın tarixinə irredentist yanaşma Ermənistan və onun müxtəlif diaspora qrupları arasında yayğın olduğu qədər bizdə də son 30 ildə populyarlaşıb. İrəvanın ermənlərə “verilməsi” mövzusu kimi…
Həmin dövrün tarixi olayları barədə bir çox tarixçi geniş bəhs etdiyindən əttaflı yazmağa lüzum görmürəm. Amma 1918-ci ildə qurulan respublikalarla bağlı 3-4 il öncə diqqətimi çəkən iki önəmli hərbi-siyasi hadisə var ki, bu olayların həm Ermənistan, həm də Azərbaycanda respublikaların qurulmasında müstəsna rol oynadığını düşünürəm.
Sardarabad döyüşü
Osmanlı dövləti 1914-17-ci illərdə Şərq cəbhəsində Çar Rusiyası ilə yanaşı Şərqi Anadolu və Çar Rusiyasında yaşayan ermənilərin hərbi birliklərinə qarşı döyüşürdü. 1917-ci ilin Bolşevik inqilabından sonra Osmanlı dövləti üçün həm 93 Harbi, həm də 4 illik müharibədə itirilən ərazilərin geri qaytarılmasına imkan yarandı. Amma bolşeviklərin müharibədən çəkilməsi qərarından sonra Anadolunu tərk edən Çar ordusu hərbi sursatlarını Qafqaz cəbhəsindəki erməni və gürcü hərbi birliklərinə təhvil verdiyindən hərbi müqavimət də gözlənilirdi.
Belə bir zamanda Tələt Paşa hökuməti 1918-ci ilin martında Bolşevik Rusiyası ilə Brest-Litovsk sazişini imzalayır və Zaqafqaziya Seymindən Batum da daxil olmaqla bütün Şərqi Anadolu torpaqlarından çıxmağı tələb edir. Bununla yanaşı Osmanlı hərbi komandanlığı Tiflis-Bakı dəmiryolunu, Təbrizə çıxış üçün Sürməli-İrəvan-Culfa yolunu nəzarətə götürmək istəyir, Xəzər dənizi və Orta Asiyaya çıxmağa çalışırdı. Fevralda başlayan hərbi əməliyyatlardan sonra iki ay ərzində Trabzon və Şərqi Anadolunun bir hissəsi Osmanlının nəzarətinə keçir. Mayda isə indiki Ermənistanın şimalına Osmanlı ordusu nəzarət edirdi.
Ancaq Şərqi Anadoludan geri çəkilən erməni hərbi dəstələri, İrandan gələn erməni könüllülərinin yardımı ilə İrəvan ətrafında müdafiə xətti qururlar. 1918-ci ilin 21-29 mayında baş verən döyüşlər zamanı Osmanlı ordusunun qarşısı İrəvan yaxınlığında alınır. Şəhərə 3 istiqamətdən təşkil olunan hücumlardan birində – Sardarabad (indiki Armavir rayonu) yaxınlığında Osmanlı ordusu məğlub edilərək, geri çəkilməyə məcbur olur.
Hərbi əməliyyatlara siyasi rəhbərliyi Tiflsidə yerləşən Erməni Milli Şurası həyata keçirsə də, hərbi rəhbərliyi Anadoluda məğlub olmuş erməni hərbçiləri təşkil edir. Bu döyüşlərin getdiyi müddətdə Zaqafqaziya Seymi dağılır, Gürcüstan, Ermənistan və Azərbaycan müstəqilliyini elan edir. Ardınca Batumda sülh müqaviləsi imzalanır. Amma yollardakı təhlükə səbəbindən Tiflisdəki Erməni Şurası İravana gedib orda fəaliyyət göstərə bilmir. Yalnız Fətəli Xan Xoyksi hökumətinin dəstəyindən sonra iyunun 17-də erməni Milli Şurasının 15 nəfərlik üzvü Osmanlı və Azərbaycan hərbi birliklərinin nəzarətində olan ərazilərdən keçərək, İrəvana çatır, orada siyasi fəaliyyətə başlayır.
Gəncə Milli Komitəsi
Ermənistan Milli Şurasından bir gün öncə Azərbaycan Milli Şurası Tiflisdən Gəncəyə köçmüşdü. İrəvan Sardarabad döyüşündən sonra Ermənistan siyasi rəhbərliyi üçün təhlükəsiz məkan idisə, Gəncə şəhəri 1917-ci ilin dekabrından başlayaraq, ölkənin iki siyasi mərkəzindən biri idi. 1918-ci ilin martında Bakı quberniyası ərazisində yaşanan milli qırğınlardan sonra Gəncə faktiki olaraq, ölkənin yeganə milli siyasi mərkəzi olmuşdu.
Gəncədə 1917-ci ildə formalaşan Milli Komitədə müxtəlif siyasi qrupların təmsilçisi, əsasən keçmiş “Difai”çilər üstünlük təşkil edirdi. Məhz Gəncə quberniyasında Milli Komitənin apardığı əməliyyatlar nəticəsində 1918-ci ilin yanvar-may ayları ərzində hərbi silah-sursat təchizatı təmin olunmuş, cəbhədən qayıdan Çar ordusu hissələri tərk-silah edilmiş, ölkənin Milli Ordusunun əsasını təşkil edəcək hərbi birliklər formalaşmışdı. Gəncədə Milli Komitənin 6 aylıq fəaliyyəti Milli Şuranın Tifslidənn bura rahatlıqla köçməsinə, Qafqaz İslam Ordusunun sürətlə quberniyada yerləşməsinə, ümumilikdə AXC-nin yaranması üçün zəruri olan hərbi-siyasi təhlükəsizlik məsələsinin həllinə kömək etmişdi.
Mübahisəli ərazilərin taleyi
İrəvandan fərqli olaraq, 1918-ci ilin mayında Gümrü və Vanadzor Osmanlı ordusunun nəzarətində idi. Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Osmanlıya Gümrünü boşaltmağı və oranın Ermənistan üçün paytaxt olmasını təklif edir. Amma Osmanlı hərbi komandanlığı bununla razılaşmır və buranı hərbi-strateji baxımdan əlverişli yer sayır (4 ay sonra bu şəhər də daxil omaqla bütün Qafqazdan çəkiləcəklər). Nəticədə İrəvan şəhəri AXC-nin mübahisəli ərazilər sırasına daxil edilməyərək, Ermənistanın siyasi mərkəzi kimi tanınır. Bəs AXC tərəfindən İrəvanın mübahisəli ərazilər siyahısından çıxmasının əsas səbəbləri nə olub?
1) Ermənilərin Saradarabad müharibəsində qalibiyyəti İrəvan quberniyasında və İrəvan qəzasında hərbi-siyasi mövqeyini gücləndirdi və bu şəhəri de-fakto yeni respublikanın siyasi mərkəzinə çevirdi.
2) İrəvan qəzasında müsəlman (türk və kürd) əhalinin sayı 1905-ci ildən başlayan qarşıdurmalar, birinci dünya müharibəsi zamanı və sonrakı toqquşmalar nəticəsində azalmış, xeyli sayda insan bu qəzanın hüdudlarını tərk etmişdi. Demoqrafik və hərbi-siyasi durum İrəvanda erməni siyasi rəhbərliyinə müqavimət üçün imkan vermirdi.
3) Azərbaycan Milli Şurası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarındakı daşnak və digər hərbi-siyasi qrupları zərərsizləşdirmək üçün Ermənistan dövlətinin yaranmasında və Osmanlı dövləti tərfindən tanınmasında maraqlı idi. Məhz Osmanlının 1915-ci ildə başladığı etnik təmizləmə siyasəti nəticəsində Qafqaza axın edən erməni əhali ilə yanaşı çoxsaylı erməni hərbi birlikləri də Azərbaycan ərazisində idi. Müsavat hökuməti bütün hərbi qrupların Ermənistana keçməsində maraqlı idi.
4) AXC Qafqazda sülhün və sabitliyin əldə olunmasında maraqlı idi. Şərqi Anadolu və indiki Ermənistandan qaçqən düşən əhalinin geri qayıtmasına çalışırdı. İrəvan şəhəri ilə bağlı ərazi iddiası burada yaşayan müsəlman əhaliyə də ziyan vuracaqdı. İrəvanda hərbi qüvvələri çox olan daşnaklar qəzanı tərk etmiş müsəlman qaçqınların qaydışına əngəl törətməyə çalışırdı. Ərazi mübahisəsi İrəvan və ətraf kəndləri tərk etməmiş əhaliyə hücum üçün bəhanə verəcəkdi.
AXC hökuməti İrəvan şəhərini güzəştə getsə də, İrəvan quberniyasının 5 qəzasında – İrəvan, Naxçıvan, Şərur-Dərəlyəz, Yeni Bəyazit və Surməlidə xeyli torpaq iddiası vardı. Bu iddialar siyasi bəyanatlarda, Milli Şuranın müzakirələrində və Parisdə Sülh Konfransına gedən nümayəndə heyətinin yazışmalarında öz əksini tapıb. Məsələn, Topçubaşov 1919-cu ildə Parisdə Qərb diplomatlarına sübut etməyə çalışırdı ki, İğdır-Qars bölgəsində müsəlman əhalinin çoxluğuna görə burada idarəçilikdə Azərbaycanın suveren haqları təmin edilməlidir.
Ermənistan isə Yelizavetopol (Gəncə) quberniyasına daxil olan Şuşa, Yelizavetpol, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında xeyli ərazilərə torpaq iddiası irəli sürürdü.
Bu ərazilərə nəzarət üstündə 1918-20-ci illərdə Azərbaycan və Ermənistan arasında fasilələrlə müharibə baş verib. Nəticədə, AXC 1920-ci ilin iyulunadək indiki Goranboy, Qazax, Daşkəsən, Gədəbəy, Şuşa, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının inzibati bölgüsünə daxil olan ərazilərdə tam nəzarəti, indiki Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ermənistanın hazırkı Sisiyan, Qafan, Gorus, Ararat və Vardenis rayonlarında bəzi inzibati ərazilərə qismən nəzarəti təmin etmişdi.
Bolşevik işğalından sonra mübahisəli ərazilərlə bağlı yenidən çalışmalar başladı. Kremlin təzyiqi ilə Zəngəzur qəzasının Qərb hissəsi, o cümlədən Göyçə gölü ətrafı ərazilər Ermənistana verildi. Naxçıvanda Muxtar Respublika, Qarabağın dağlıq hisəsində isə ermənilər üçün muxtar vilayət yaradıldı.
İrəvan quberniyasının Sürməli qazası isə 1920-ci ilin sentyabr-noyabr aylarında Türkiyənin apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistandan geri alınaraq, bu ölkənin hüdudlarına daxil edildi.
Qısaca təsvir etdiyim bu situasiyada fərz edək ki, AXC tərəfindən İrəvan quberniyasının bəzi əraziləri kimi İrəvan şəhəri də mübahisəli torpaq elan ediləcəkdi. AXC-nin iki illik hakimiyyəti dönəmində oraya daxil olmaq imkanı olmayacaqdı. Paris Sülh Konfransında isə iki dəfə – 1920-ci ilin yanvar və iyun toplantılarında Azərbaycan və Ermənistan arasında mübahisəli ərazilərin dinc yolla həll edilməsinə qərar verilmişdi. Bu qərarlardan sonra hərbi əməliyyatı heç bir xarici dövlət dəstəkləməyəcəkdi.
Bolşeviklərin gəlişindən sonra növbəti 3 il ərzində mübahisəli ərazilər mövzusuna son qoyuldu. Necə ki, Zəngəzur və Göyçə ətrafı ərazilərlə bağlı mübahisəyə Ermənistanın lehinə son qoyuldu, o şəkildə İrəvan mövzusu da bağlanacaqdı.
Siyasi tarixi şişirtmədən, kiçiltmədən və reallıq hissini itirmədən təqdim etmək lazımdır. Bugün Azərbaycan xalqının rifahı üçün Zəngəzurda və ya Göyçədə yeni torpaq əldə etməyin heç bir faydası yoxdur. Çünki böyük ərazilərə, iri torpaqlara sahib olmaq rifahın əsas şərti olsaydı qonşuluğumuzdakı Rusiya və İran xalqları xoşbəxt və firavan yaşayardı.
İrəvan mövzusunda “həssaslıq” göstərən siyasətçilərə də tövsiyə edirəm ki, 26 illik işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə veriləsi pay torpaqları ilə bağlı özəlləşdirmənin taleyinə aydınlıq gətirsinlər.
azadliq.info