Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

İlham Əliyevə açıq məktub

Tarix:3-02-2017, 11:23 Baxış Sayı:155

İlham Əliyevə açıq məktub

Vaxtı ilə Tolstoy çar Nikolaya məktub yazanda ona “istəkli qardaşım” deyə müraciət etmişdi. Amma mən sizə təəssüf ki, belə müraciət edə bilmirəm. Ona görə deyil ki, insanların qardaş ola biləcəyinə inanmıram, yox, sadəcə sizinlə bütün bu şərtlər altında qardaşlaşa biləcəyimizə ümid etmirəm. Çünki biz vətəndaşı olduğumuz ölkəyə fərqli münasibət bəsləyirik.

Sizə görə, bu ölkə ancaq hakim ola biləcəyiniz, mənə görəsə uğruna fədakarlıqlar edilə biləcək  yerdi…

Cənab prezident!

Artıq illərdir ki, bu ölkəyə rəhbərlik edirsiniz. Demək, illərdir bu ölkədə baş verən hər hadisəyə görə məsuliyyəti də siz daşıyırsınız. Bir kasıb daxmada carəsiz bir ananın solmuş yanaqlarına süzülən göz yaşına, arzuladığı bir şeyə gözünün ucu ilə həsrətlə baxan uşağın içindəki nisgilə, ailəsinin yanında sınmış qürurunun acısını qaldıra bilməyib intihar edən atanın son anda içinə dolmuş qəhərinə, bir sözlə, bu ölkədə hər gün baş verən ədalətsizliklər, haqsızlıqlara görə…

Çünki bu baş verənlər fərdlərin adi yaşantılarının, psixoloji gərginliklərin ucbatından deyil, sizin başçılıq etdiyiniz ölkədəki sosial ədalətsizliklər, məmur özbaşınalığı, rüşvət və qanunsuzluqlar ucbatından baş verir.

Əslində, prezident olmaq  bir böyük ailənin başcısı olmaqdır məndən ötürü… Amma, cənab  prezident, başcısı olmaq istədiyiniz bu ailə nə haldadır? Bu ailənin hər bir üzvü pərişandır, çarəsizdir, gələcəyə inamı yoxdur və hər kəs ümidsizliyin uçurumuna yol alıb öz içində yıxılıb.

Bu gün yaşından asılı olmayaraq hər kəs bir şəkildə ömrünün yarpaq tökümünü yaşayır bu məmləkətdə…

***

Tolstoy da Nikaloya məktub yazanda onu deyil, onun ətrafındakıları daha çox qınayıb, çarın özünü belə onlardan xilas olub ölkəni də qurtarmağı tövsiyyə etmişdi. Mən bu “ətrafdakılar” yanaşmasında Tolstoyun səmimiyyətinə inanmadım doğrusu. Məncə, yazar öləcəyini belə düşünsə də, tam cəsarət edə bilməmiş və Nikolayın özünə deyə bilmədiklərini bir şəkildə onun ətrafındakılara yükləməyə çalışmışdı. Amma qəribədir, bu gün Azərbaycanda da belə fikir yayğındır: Prezidentin ətrafındakılar ona hər şeyi düz demir.

Açığı mən buna inanmıram. Bəlkə çar Nikolaya nəyisə düz deməyə bilərdilər. Amma dünya indi çox kiçilib – bir kompüterin düyməsinə sığacaq qədər çox… Və siz  rəhbəri olduğunuz ölkənin durumunu bilmək üçün sadəcə gündə 30 dəqiqənizi ayırıb mediaya baxmanız kifayətdir. Çünki mediada Azərbaycan adlı bir məmləkətin bütöv bir mənzərəsi var.

Cənab Prezident!

Biz az qala hər günü intihar xəbərləri ilə açırıq. Bu ölkədəki iplər insan boğazına dolanacağı günü gözləyir. Bakıda milyonlar sərf edilərək tikilən, o körpülərin “işə yarayacağı” zaman yetişib. Milyonlar xərcləndi və bu ölkədə 25 il ərzində ölüm körpüləri tikildi. İndi  yaşaya bilməyən insanların “nicat yerinə” çevrilib o körpülər…

Azərbaycanda doğulan körpələrin qulağına “xoş gəldin” demək çətindir. Hər doğulan körpənin başı üstündə sanki bir ölüm mələyi durub və ona “ölümə qənşər” pıçıldayır. Çünki onlar dünyanın hansısa rahat, demokratik, azad ölkəsində deyil, ümidləri tükədən bir ölkənin vətəndaşı olaraq doğulurlar.

Bilirsizmi ki, bu ölkədə azyaşlı bir uşaq atası ona məktəb çantası ala bilmədiyinə görə özünü asıb?! O körpənin boynuna dolanan ipin ölüm daşıyan ucu kimin əlindədir?

Bilirsinizmi ki, 12 yaşlı bir oğlan ac olduğundan çörək oğurladığına görə qollarına qandal vurulub, həbs olunub bu ölkədə?! İndi görəsən, Azərbaycanın Jan Valjanı hardadır və onun qəzəblə yüklənmiş ruhunu xilas edəcək Yepiskop varmı bu ölkədə?

Bu ölkədə də yüklənmiş, kirlənmiş ruhları xilas edə biləcək din adamları vardı, amma nə yazıq ki, bu gün onların özü zindandadır və qəlblərindəki işığın, ümidin sönməməsi üçün mübarizə aparırlar.

İnsan aydın, azad təfəkkür sayəsində ədalətli olur. Sizin idarə etdiyiniz ölkədə bu gün ədalət yoxdur, çünki heç idarə olunanların da aydın, azad təfəkkürü qalmayıb – idarə edənlərin orta çağ düşüncəsi idarə olunanları da bir şəkildə azad və aydın düşüncədən məhrum edib.

Ölkənin zülmət dönəmidir və bu gün zülmət, haqsızlıq və qorxu dolu indimiz keçmişimizə alqış edir. Hər kəs bir keçmiş həsrətindədir, çünki gələcəyə inam yoxdur. Bu keçmiş sevdası bir ölkəni qaranlığa və məhvə sürükləyir, inkişafı dayandırır. Cünki aydın düşüncəni və azad təfəkkürü, cəsarəti təmsul edən kim varsa, həbsxanalarda gizlədilib.

Sizin rəhbərlik etdiyiniz dönəm Azərbaycanın heç də dediyiniz kimi, intibah dönəmi deyil, qanaqlıqlar dönəmidir. Bir vaxtlar  Avropada din, Allah adına inkivizisiya tonqalları qalandığı kimi, indi də Azərbaycanda qanun və dövlətçilik adına zindanların qalın divarları dibsiz quyu olub ölkənin işıqlı insanlarını udmaqdadır.

Bu gün Azərbaycan məhkəmələrinin hakimləri inkivizisiya dönəminin rahibləri rolunu oynayır. İşgəncələrlə alınan ifadələr, şərləmələr və sifarişli hökmlər… Mahiyyətdə bu gün rahib-hakimlər dara çəkilmiş ədalətin və qanunların üstündə olan bir iradənin, sizin təmsil etdiyiniz iqtidarın istəyini yerinə yetirir.

Qoy  Tanrı özü hökmünü versin…

***

Hər zaman Azərbaycan ordusunun güclü olduğunu deyirsiniz.

Bu ölkənin ordusu dünyanın güclü ordusu yox, kabus dolu ordusudur. Analar daha öz ölkəsinin ordusuna güvənmir. Onlar övladlarını orduya deyil, ölüm düşərgəsinə gəndərdiklərinin fərqindədirlər, ümidləri də sizə deyil, Allahadır. Çünki siz onların acılarına sahib çıxmadınız, hətta bu ölümlərə etiraz edənləri də “anti-milli ünsür” adlandırıb həbs etdirdiniz.

Cənab Prezident!

Bu gün Azərbaycanda bir toplumun ayaqda qalmasını təmin edən iki şey – ədalət və ümid məhv edilib.

Ədalətin tələb olunduğu yerdə zorbalıq, ümidin doğmaq istədiyi andaca işgəncə meydana çıxır bu ölkədə. Cəmiyyət başsız qalıb. Topluma inkişaf yolçuluğunda öndərlik edəcək dövlət bu gün vətəndaşı əzmək üçün sizin təmsil etdiyiniz iqtidarın əlində cəza aparatına çevrilib.

Yaltaqlıq cəmiyyəti məhvə sürükləyi və onun inanmaq, güvənmək istədiyi ziyalı-rahiblərin bir çoxu bütün mənəvi və əxlaqi dəyərləri qorxu ucbatından tərk edib. Qorxunun və ümidsizliyin yaratdığı məyusluq bu gün Azərbaycanda bütün dəyərləri çürütməkdədir.

Halbuki bu xalq sizin atanıza inandı. O inama nə ilə cavab verildi? O inama zorakılıqla, səmimiyyətə saxtakarlıqla, sədaqətə saxta əxlaqla, həqiqətə yalanla cavab verildi…

***

Bu gün Azərbaycan vətəndaşı demək, həm də siz deməksiniz. Bu ölkəni siz təmsil etdiyiniz kimi, onlar da sizi təmsil edir. Lütfən, heç olmasa bir dəfə bu ölkənin vətəndaşına başqa gözlə baxın. Onların acılarını, harayını hiss edin. O özünü asan yeniyetmənin, yanağındakı yaşı belə silməyə heyi olmayan ananın, özünü o ölüm körpülərinə təslim edən gənclərin, heysiyyatını, qadınlıq qürurunu bazara çıxaran qadınların, övladının gözünün içinə dik baxa bilməyən ataların gözü ilə baxın bu məmləkətə… Bir dəfə, heç olmasa bir anlığa bu ölkənin carəsiz qalmış insanının  acısını hiss edin.

Dönüb İran sərhəddində təhqir olunub aşağılanan  vətəndaşınızın pərişanlığını seyr edin. İnkişaf etməmiş bir ölkənin, İranın səhiyyəsindən nicat gözləyən Azərbayacan vətəndaşının ümidi öz ölkəsindən üzülmüş, burda ölüm daşıyan xəstəxanalardan qaçıb həyata sığınmaq üçün təhqir olunmağı gözə alır.

Bu xalq nə etdi və nəyin bədəlini ödəyir? İnsanlar bu qədər böyük nifrəti haqq edəcək nə etdi axı?

Könüllərdə sevgi məbədi inşa edə bilmək mümkünkən, olan məbədləri dağıtmaq nədən?!

Söhbət heç də hansısa mücərrəd, müqəddəs məbədlərdən getmir. Təhsil məbədlərindən, bir ölkənin gələcəyinin təminatı olan məktəblərdən, universitetlərdən, səhiyyə, mədəniyyət, mənəviyyat  məbədlərindən  gedir.

Ölkənin məhv edilən təhsilindən gedir.

Bu ölkənin gələcəyi olan yeni nəsil kimlərinsə təhsildə aparmaq istədiyi səriştəsiz və səviyyəsiz təcrübələrin “təcrübə dovşanına” çevrilib.

***

Azərbaycanda ədalətsizliyə, qanunsuzluğa qarşı çıxmaq həbsxanaların qapısını döyməkdir. Sizin fəaliyyətinizi tənqid etməksə daha ciddi nəticələr verə bilir. Səmimiyyətimə inanın, özünü hər cür tənqiddən, ittihamdan qorumağın yolu qorxudan deyil, sevgidən keçir. Qorxu insani münasibətlərin ən aşağı formasıdır və Azərbaycanın prezidentinin öz vətəndaşı ilə qorxu və zorun deyil, sevgi və şəfqətin dili ilə danışması çox gözəl olardı.

Ölkədəsə qorxu mühiti hökm sürür.

Siyasi məhbus sayına görə bir azdan rekord qazanmış olacağıq. Dini kəsimə tutulan divansa yəqin ki, ölkə tarixinin ən qaranlıq səhifələrindən biri olacaq.

Bu xalq dəmir qılıncın qarşısına taxta qılıncla çıxacaq qədər mərhəmətli idi. Savaş istəmədi, hər zaman sözə sığındı. Amma nə yazıq ki, bu gün aclıq və safələtlə, qanunsuzluqlarla xalqın qəzəbi daşa çəkilib itilənir. Bunun fərqindəsiniz və son dönəmlər zülmün artması buna sübutdur.

Qoy olsun… Həbslər, işgənclər davam etsin!..

Zor və zalımlıqla birləşmiş güc ölkəyə qaranlıq vəd edir. Qoy o zaman zindanlardan bu ölkəyə işıq yayılsın…

***

Əgər ölkələrin də ruhu varsa, Azərbaycanın ruhu qüruru qırılmış bir qadının ölüm sevdası, gözü yaşlı körpənin qorxusundakı məsumiyyət, heysiyyatı tapdanmış kişinin acizlik qəzəbi ilə yüklü…

Bu qədər insanın haqqına girib bütün bunların məsuliyyəni tarix qarşısında qaldırmaq nə qədər çətin olacaq…

Bir anlığa o müdrik yazarın, Tolstoyun dediyinə inanıb sizi ətrafınızdakıların belə bir məsuliyyətlə qarşı-qarşıya qoyduğunu deyim bəlkə? Əgər bir anlığa buna inanmış olsaydım, tam qəti deyərdim ki, sizin düşmənləriniz onlardır.

Düşməniniz müxalif düşüncəli insanlar, “anti-milli” adlandırdığınız gənclər, terrorçu elan edib ən ağır şəkildə cəzalandırmaq istədiyiniz dindarlar deyil. Düşməniniz ölkədə qurulmuş yalan siyasəti, yaltaqlıq, seçki saxtakalığı, rüşvətxorluq, qanunsuzluqdur.

Ən böyük düşməniniz bu gün ölkədəki sevgisizlik mühitidir.

Saxtakarlığa qarşı çıxmaq, riyakarlığın əleyhinə olmaq, yalanı, ədalətsiz məhkəməni inkar etmək, haqqa girməyi rədd etmək, bütün köhnə nə varsa onu dağıdıb yenisini, yeni düşüncəni və inamı, ümidi inşa etmək, din tacirlərini ifşa etmək, meşşan məmurları dəf etmək… Bunlar Qurani-Kərimin dedikləridir. Sizin də əl qoyub and içdiyiniz müqəddəs kitabın hökmləri. O zaman əl basıb and içdiyiniz kitabın davamçılarına niyə divan tutulur bu ölkədə?!

***

Hər bir insanın içində  işıq da, zülmət də var. Biz hansını seçib, nəyə üz tuturuqsa, kimliyimizi, şəxsiyyətimizi də o təqdim edib formalaşdırır. Zülməti seçmək bizim ən sadə yanaşmamızda pisləri, işığı seçməksə yaxşıları yaradır.

Klinik ölün keçirənlərin dediklərinə inansaq,  insan bu dünyanı belə tərk edəndə  ya zülmətdən, ya da işıq selindən keçir. Deməli, insan təkcə ömrünü deyil, ölümünü belə işıq və ya zülmətlə tamamlayır. Əməlinə uyğun olaraq.

Demək, bizi tərk etməyən, mahiyyətdə var edən iki şey var – işıq və zülmət! Rəhmətə və ya lənətə götürən iki şey…

P.S. İnsanın içindəki işıq heç vaxt sönmür. Buna ümid edirəm, inanıram. Bu inamla da sizə bir gün “istəkli qardaşım” deyə müraciət edə biləcəyimə ümid etmək istəyirəm. Lütfən, səmimiyyətimə inanın. Çünki hər kəsin, ən başlıcası Azərbaycanın xilası bu işığa tutunmaqdan keçir.

Zümrüd Yağmur

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL