29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi repressiyalar və təqiblər, o sıradan ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumuna dair iki qətnamə qəbul edib. Əslində, çoxdan gözlənilən qərarlar idi. Sadəcə Azərbaycan hakimiyyəti illərdir bütün resurslarını, büdcə pullarını belə qərarların qəbul olunmamasına xərcləyir. Son çağlar üzə çıxan 3 milyard dollar – “pulyuyan maşın”la bağlı araşdırmalar da bunu təsdiqləyir.
Azərbaycan hakimiyyətinin apardığı siyasət bu gün onu bu durumla üz-üzə qoyub. Bu durumun yaranmasına səbəb olanlardan biri və bəlkə də birincilərdən biri Səməd Seyidovdur. Onun bugünkü qərarlarla bağlı AŞPA-da isterik çıxışı, açıqlamaları təsadüfi deyil. Məsul olduğu sahədə, bu məsulluq təkcə siyasətdən getmir, həm də avropalı deputatların ələ alınması, onlarla danışıqlar aparılması, kürü ötürülməsi kimi “vacib” işlərdə uğursuzluq olub. Bu uğursuzluqların hesabının sorulması zamanıdır. İsterika burdan qaynaqlanır. Nədən 200 yox, 100 ötürülüb, nədən 10 banka yox, 2 banka kürü verilib, nədən kiminsə hesabına məbləğ vaxtında və deyildiyi, yaxud verildiyi qədər ödənməyib?
Səməd Seyidov Almaniyadan olan deputat Ştrasseri unutmaz yəqin. Həmməruzəçi olan Ştrasserin Azərbaycanla, Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı AŞPA-nın 2013-cü yanvar sessiyasında qəbul edilmədi. Onda neft pullarının Azərbaycana sel kimi axan çağlarıydı. Kəmərləri dartmaq, nefti unutmaq, pambıqçılığı, baramaçılığı, ümumiyyətlə, qeyri-neft sektorunu inkişaf etdirmək heç hakimiyyətdəkilərin ağlının ucundan belə keçmirdi. Pul bol, Xəzərin kürüsü çox. Pul almaq istəyən, səhərlər qara kürü yemək istəyənsə həmişə tapılırdı. Bəxtsiz, həm də şərəfli və ləyaqətli deputat Ştrasserin də qismətinə həmin çağlarda Azərbaycan üzrə həmməruzəçi olmaq düşmüşdü. O, Azərbaycandakı durumu göstərən çox gözəl hesabat hazırlamışdı, ancaq Azərbaycan nümayəndə heyəti və onun rəhbəri hesabatın müzakirə olunacağı yığıncağa daha “hazırlıqlı” getmişdi. Elə bu hazırlığın sonucu olaraq 125 deputat hesabatın əleyhinə, yalnız 79 deputat lehinə səs verdi. O gün – 2013-ün yanvar sessiyasında Ştrasser də elə Səməd Seyidovun indiki durumunda – isterikada idi. Həmin vaxt o, “Debatların necə keçməsi və müzakirələrdə deyilənlər məni dəhşətə gətirdi“, demişdi. Alman deputatı dəhşətə gətirən həmkarlarının, avropalı deputatlardan çoxunun kürüyə, qızıla, hesablarına ötürülən pula satılmasıydı. O vaxt Ştrasser Səməd Seyidovu da yaddan çıxarmamışdı: “Səməd Seydovun son sözləri çox şeydən xəbər verir – bu Avropa Şurası Strasserə məxsus deyil, mənə məxsusdur – bu gün yaşadıqlarımız bu sözlərin sübutudur”. Həmin vaxt Səməd Seyidov AŞPA-da özünü qalib kimi aparırmış. Bu qalibiyyətini, ötürdüyü rüşvətin nəyə qadir olduğunu Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərə tikanlı sözlərlə, sanki acıq verirmiş kimi, çatdırırmış…
Örkən və doğanaq” məsəlini Səməd Seyidov da bilməmiş deyil, uzun illər Dillər Universitetinin böyüyü olub, dilimizi yaxşı bilər. Ancaq avropalıların dilini öyrənə bilmədi, təəssüf. Bu dilbilməzlik sonda bugünkü duruma gətirib çıxardı. Azərbaycan hakimiyyəti üzündəki ləkəni silmək əvəzinə güzgüyə kəllə atdı. Burada da ən çox xəsarət alanlardan biri həm də Səməd Seyidov oldu. Onun isterik açıqlamaları dediyimizi təsdiqləyir: “Bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm”. Yaxud başqa bir sözü, elə bil AzTV-də çıxış eləyir; Elman Nəsirov, Azər Həsrət, Çingiz Qənizadə, Rasim Musabəyov və başqa bu tipli “politoloq”lar kimi: “AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər”.
Neçə yol vaxt verdilər, Azərbaycanla bağlı müzakirələri ertələdilər; özünüzü düzəldin, insan haqlarına hörmət edin, fəalları, jurnalistləri, müxalifətçiləri saxta ittihamlarla şərləyib türmələrə doldurmayın, sərbəst buraxın, səbəbsiz yerə həbsdə saxladığınız dustaqları azad edin, dedilər.
“Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq”.
Yəqin şərləyib həbsə atdığınız İlqar Məmmədovu deyirsiz. Bəlkə səhv mövqedədilər? Adama qarşı qanunsuzluq olub, məhkəmələrdə, Avropa Məhkəməsində belə ona qarşı haqsız olduğunuz sübut edilib. Ayrı hansı sözü gözləyirdiniz ki?!
Başqasına dirsək göstərəndə, bir gün o da boğaza yığılıb bunu təkrarlamağa məcbur olacaq…
Eyniləşdirmək istəməzdim, ancaq təmsil olunduğunuz Milli Məclisdə də belədir, Səməd müəllim, müxalifəti söyməklə, yaxud hakimiyyəti tərifləməklə bağlı iclaslarda mikrofon qarşısında “probka” yaradır, növbəyə durursunuz, ancaq qanunların qəbulu məsələsi olanda çıxış eləməyə adam, yəni deputat tapılmır. Keçmiş olsun!
Rövşən Hacıbəyli